Məmməd  Qədir - Kəndə gəl

Ədəbiyyat 10:29 / 22.07.2026 Baxış sayı: 566

 

Burda qəşəng sərin var, boğulmadın şəhərdə?

Bir az məhəbbət götür, min qatara kəndə gəl.

Tut ucundan göyə çıx, bu yağışlı səhərdə,

Gün yerə od qoymamış, çiskində gəl, çəndə gəl.

 

Bunca quraqdan sora ləzzət edir su, nəmiş,

Torpaq necə qoxuyur sel suyu çəkilməmiş,

Könlün əgər istəsə, bəhanədir zaman, iş,

Qurban olum, yubanma, hamı gəlib, sən də gəl.

 

Ağır şübhələri ud, həzm elə bir "mezim"lə,

Fursətindən yararlan, süz bəsirət gözünlə,

Bir az güləş gündəlik qayğılarla, özünlə,

Pəhləvan tərəddüdü sal qəşəngcə fəndə gəl.

 

Ürəyin hoppanmasa keçmək olmur hər arxı,

Cəhənnəmə, bir dəfə qürurun sınsın şaxı,

Boynubükük gülüydün sən də bu kəndin axı,

Nə tez yadırğadın sən, ay bənövşə, bəndə gəl

Kəndçi danısqan olmur, iş- gücdən yox halları,

Küsmə, təkrar eyləsə qramafon valları,

Kənd adamı kasıbdır, acı çıxır balları,

Bahadır şəkər tozu, sal dilini qəndə gəl.

Məmmədə zəhər götür, qəbulumdu, birdənəm,

Harda əksən sevdalar çiçəkləyən bir dənəm,

Bax bu cənnət məkanda sevgi Allahı mənəm,

Qismətinə boyun əy, sevgimizə bəndə gəl,

Bir az məhəbbət götür, min qatara kəndə gəl...