Şanlı zəfərimizin qəhrəmanlıq simvolu

YAZARLAR 11:30 / 22.07.2026 Baxış sayı: 447

 

 44 günlük  haqq savaşımız başlanan kimi  minlərlə qeyrətli oğul silaha sarılıb  30 il əsir düşən,  Vətənimizin müqəddəs bir parçası olan Qarabağımızın  azadlığı naminə ölümün gözünə dik baxa-baxa odun-alovun içinə atılıblar. Nəticədə onların bu   şərəfli  mübarizə yolunda  göstərdikləri  misilsiz şücaəti, qanı, canı bahasına  xalqımız  şanlı zəfər qazanıb.  Son nəfəsinə qədər igidliklə, cəsarətlə vuruşaraq  qazanılan  qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən  belə oğullardan biri  İsmayıl  Qədirlidir.

Adı çəkiləndə bütün Azərbaycan xalqının qürur duyduğu  İsmayıl Elçin oğlu Qədirli 1998-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Vətəninə, torpağına sevdalı boya-başa çatan  İsmayil orta məktəbi  bitirəndə  əsl övlad məhəbbəti ilə sevilib, el-obada ona dərin ehtiram göstərilib. Həmçinin  uşaq  yaşlardan taekvando  idman növünə marağı, qatıldığı yarışlarda uğur qazanması  ona  hörmət qazandırıb. Sonralar ayağında yaranan problemə görə  idmanı davam etdirə bilməyib.

İlk gündən  həyat yolunu xoş arzular üzrə quran  İsmayıl  Qədirli  Vətəninə, xalqına fayda verməyi özünə əsas məqsəd bilib.Qaldı ki,   yağı düşmənin ulu yurd yerimiz-  Qarabağ torpaqlarının  işğal etməsi  onu çox narahat edibdir. Hər şeyi kənara qoyub cəbhə bölgəsində doğma Azərbaycanın keşiyində durmağı ən vacib məsələ sayıb.   Ordu sıralarına yola düşəndə  Vətənə vicdanla, qeyrətlə  xidmət edəcəyinə,  murdar niyyətli erməni dığalarına  qarşı amansız olacağına and içib.

Köksündə əsl  qəhrəman ürəyi döyünən, düşmən tapdağında olan müqəddəs Qarabağın  azad edilməsi  uğrunda  alışıb-yanan İsmayıl Qədirli  cəbhə bölgəsində  əyninə hərbi forma geyinib və  əlinə silah  götürüb. Qısa zaman  kəsiyində son dərəcə mərd, cəsur, ağıllı bir gənc  kimi  əsgərlərin, zabitlərin sevimlisi olubdur. Cəbhənin hansı istiqamətində olursa-olsun, döyüş igidliyinə  görə fərqlənib. Vətən, torpaq uğrunda  hər an canından-qanından keçməyə   hazır olan  İsmayılın əsgərlik həyatının günləri  fədakarlıqla, qürur, heyrət  doğuran məqamlarla ötüb. Həmçinin düşməndən öc alacağı günü gözləyən  İsmayıl keçirilən müxtəlif təlimlərə həvəslə qatılıb,  ən çətin sınaqlardan uğurla çıxıb və  hərbi biliklərə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnib.

İsmayıl Qədirli  müqəddəs əsgəri borcunu  şərəflə yerinə yetirib, evinə dönüb.  Xoş güzəran naminə  halal zəhmətdən yapışıb,  amma yağıdan alacağı öcə həmişə  hazır durub. Təcavüzkar düşməni məhv edib Vətən torpaqlarının azadlığını düşünüb və bu müqəddəs yolda   başlayacaq döyüşlərin ön sıralarında vuruşmağı arzulayıb,  o anı səbirsizliklə gözləyib.

 Nəhayət, İsmayılın gözlədiyi gün gəlib çatıb. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanıb.  Adını könüllülər siyahısına yazdırıb,  oktyabrın 9-da cəbhəyə yola düşüb. Qaynar nöqtələrdə əsgər yoldaşları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı cəsarətlə vuruşub. Vətənə, torpağa  məhəbbəti  sayəsində   neçə-neçə ağır savaşlardan yağıya  ciddi itkilər verməklə zəfərlə çıxıb.  Necə deyərlər,  silahının hədəfinə tuş gələn işğalçıları  məhv edə-edə  böyük inamla qələbəyə doğru addımlayıb. Ən çox Cəbrayıl, Qubadlı, Füzuli, Xocavənd  uğrunda gedən ölüm-dirim savaşında  dığalara qan  uddurub.  Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında  ürəyi  düşmən gülləsinə tuş gəlib və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.  Ölümsüzlüyə qovuşan İsmayıl  28 oktyabrda  Biləsuvar şəhərində  canından artıq sevdiyi torpağın sinəsinə baş qoyub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə  o,  ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın və Füzulinin azadlığına  görə  medallarla təltif olunub.

 

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü