Təranə Məmməd - Ömür karvanı

Ədəbiyyat 16:35 / 17.07.2026 Baxış sayı: 346

 

Ömür dediyimiz bir kiçik andır,

Sonu gələcəkdir, əvvəli keçmiş.

Dünya bildiyimiz gözəl məkandır,

Burdan neçə-neçə karvanlar keçmiş...

 

O keçən karvanın birində yəqin,

Mənim də yerim var, sənin də yerin.

Birimiz sarvanın düz yaxınında,

Birimiz karvanın lap axırında.

 

Bu yerlər əzəldən bölünüb artıq,

Hərənin öz yeri, öz zamanı var.

Bu dünya deyilən nəhəng varlığın,

Özünün qanunu, öz fərmanı var.

 

Ömür dediyimiz kiçik bir andır,

Əvvəli keçmişdir, sonu gələcək.

Dünya bildiyimiz belə məkandır,

Burdan kimsə gedib, kimsə gələcək..