Lilpar Cəmşidqızı  - QƏZƏL

Ədəbiyyat 14:42 / 17.07.2026 Baxış sayı: 396

 

Qopdu nazik tellərim, divanə oldum bilmədən,

Qəlbinin qəsrin yıxıb, viranə oldum bilmədən.

 

Yandırıb çöhrəndə od, verdin hərarət könlümə,

Nari- şəm hüsnün görüb pərvanə oldum bilmədən.

 

Leyli rahından gedənlər zülm evindən dönməyib,

Söndü sevda atəşim, əfsanə oldum bilmədən.

 

Çox bəlalərdən keçib mən, dərsi- eşq öyrənmişəm,

Etdi Şahim imtəhan, fərzanə oldum bilmədən.

 

Gözlərim sevda qəmindən qaynayan bir çeşmədir,

Çeşmdən zəmzəm çəkib, məstanə oldum bilmədən.

 

Yazdığm nadir qəzəllər fikrimin dəryasıdır,

Beyti misradən gəlib, dürdanə oldum bilmədən.

 

Lilparam, hər gün cəvahir toplayıb, zər yığmışam,

Ritmə düşdüm hər zaman, bir xanə oldum bilmədən