SÜDABƏ SƏRVİ -  QƏRİBLƏRƏ...

Ədəbiyyat 13:36 / 16.07.2026 Baxış sayı: 466

QÜRBƏT

“Mən qürbətdə deyiləm,

qürbət mənim içimdə”

(Kamu)

 

Qürbət məni çəkdi dara,

Urəyimə vurdu yara.

Etdi məni para-para,

Dörd tərəfə düzdü, ana,

Qürbət məni üzdü, ana!

Unutmadım elliləri,

Bizim köhnə nəsilləri.

Mənsiz keçən o illəri,

Söylə, necə dözdün, ana?

Qürbət məni üzdü, ana.

Kim bilir ki, nələr çəkdim,

İçimdədi acım, dərdim,

Harda ağsaç ana gördüm,

Gözüm səni gəzdi, ana,

Qürbət məni üzdü, ana.

Məni təkcə sən anlardın,

Dəcəl idim, hey danlardın.

Sonra öpüb qucaqlardın,

Zaman məni əzdi, ana,

Qürbət məni üzdü, ana.

Həyat yükü kürəyimdə,

Ümidimdə, diləyimdə.

Vətənsizlik ürəyimdə,

Bir qubardı, közdü, ana,

Qürbət məni üzdü, ana.

Bu qürbətin dadı olmur,

İsitsə də, odu olmur.

Qəriblərin yurdu olmur,

Qərib dərddən bezdi, ana,

Qürbət məni üzdü, ana,

Buralarda azar qərib,

Həyatından bezər qərib.

Üz qoyduğum məzar qərib,

Bir cüt baxan gözdü, ana,

Qürbət məni üzdü, ana.

Saç ağarıb, əldə çəlik,

Ruhum oldu çilik-çilik.

Agır dərddi qəribçilik,

Bir yaralı sözdü, ana,

Qürbət məni üzdü, ana!