SÜLEYMAN ABDULLA - ÖLÜM AYRILIQ DEYİLMİŞ

Ədəbiyyat 21:01 / 16.07.2026 Baxış sayı: 264

 

Kim deyir ki, ayrılıqdır ölüm,

Görmədinizmi,

bir ölkəni necə birləşdirdi, səngər generalı,

bir milləti necə topladı ağzıbirə,

necə təsdiqlədi

"el gücü, sel gücü"

məsələnin doğruluğunu!

Və illərlə

düşmən tapdağı altında qalan

torpağın qayıdışı...

Qürurun,

bütövlüyün,

birliyin simgəsi oldu!

Millətin

yenidən doğuluşuydu o ölüm,

Qan yaddaşının dirilişi,

Millət olmaq hayqırışı...

"Yuxuda qan görmək

qovuşmaqdı" - demişdilər, - inanmamışdıq.

Bir yuxunun

çin çıxması idi o ölüm,

qan azlığından

əzab çəkən vətən torpağı

onun qanı ilə dirçəldi,

özünə gəldi,

özünü tanıdı, toparlandı...

Qovuşdu Qarabağa...

Qovuşdu illərin həsrətinə!

Kim deyir ki, ayrılıqdı ölüm,

kim axı?!

SÜLEYMAN ABDULLA