MEHDİ CA LAL - GETDİM
Ədəbiyyat
10:22 / 16.07.2026
Baxış sayı: 513
Ömür də göz qırpımıtək
Bir an imiş; gəlib, getdim.
Ən müqəddəs arzulara
Aman imiş; bilib, getdim.
Baxdım uca dağlar qardı,
Çıxdım ki, qarı bahardı…
Sevinc adlı nəyim vardı
Güman imiş,- bölüb, getdim.
Yanıb nakam yaşlarına,
Döndüm sinə daşlarına,
Gecikən göz yaşlarına,-
Yalan imiş,- gülüb, getdim.
İtirib yar-yoldaşımı,
Tutdum qovğalı başımı.
Mən sonuncu göz yaşımı
Dünyam imiş,- silib, getdim.
Sevgiyə bais ürəkmiş,
Ölümü də sevəcəkmiş,
O da bir nazlı mələkmiş,
Laylam imiş,- ölüb getdim.