SÜLEYMAN    ABDULLA  -  O UZAQ KİÇİK ÖLKƏ

Ədəbiyyat 08:55 / 12.07.2026 Baxış sayı: 425

 

Bir kiçik ölkənin

balaca adamları

darısqal bir kafedə

xırda-xırda yığışıb

danışarlar böyük-böyük...

Qurarlar Turanı,

Vurarlar İranı,

zənginləşdirərlər uranı...

Heç bilinmir

onlarmı dünyaya yükdülər,

dünyamı onlara yük.

Birisi çox ədalı,

birisi gözləri döyük.

Birisi hər şeyə mız qoymaqda ustadır,

başqa birisi ayaq altı oymaqda...

Elə quyu qazar ki biri

həm başqaları düşər,

həm özü...

Amma ki, halallıqdan uzaq olar

və namərdliyə yaxın hər sözü...

Baxırsan biri iş axtarandır,

beşi işverən...

Biri polis olanda,

biri dəyənək olur...

Kiminsə ovcunun içi,

kiminsə dili döyənək olur.

Etibarı etibarsız,

Vəfası vəfasız,

İlqarı ilqarsız çıxan

ölkədi bu kiçik ölkə...

Burada küçə adıdır Azadlıq,

işıqforları qırmızı...

Yaşılında cərimələnir adamları.

Acından ölənin boynuna qoyurlar ki,

yalandır,

sən yağ-bal içində üzürsən.

Ən quduzlarınınsa

villadır ən xırda damları.

Çoxu öz yerində deyil,

amma göylə gedərdilər.

Ağızlarını açanda

hamını pərişan edərlər.

Baha satarlar hər şeyi

bir kiçik ölkənin ucuz adamları...