Məmməd  Qədir -  Anladım...

Ədəbiyyat 14:10 / 12.07.2026 Baxış sayı: 337

Sakit, dərdsiz həyatı,

Xam olanda anladım.

Ruhda kişnəyən atı,

Ram olanda anladım.

 

Pozub yazdım alını,

Dəyişmədi valını,

Odun Kərəm halını,

Vam olanda anladım.

 

Dedim ruhdan yar asım,

Xoş günlərə yarasın,

Yarım dərdin yarasın,

Tam olanda anladım.

 

İynədən keçən dərzi,

Tikir savabı, fərzi,

Dolub boşalan ərzi,

Cam olanda anladım.

 

Salıb boynuna çatı,

Ruh gəzdirir can atı,

Hüdudsuz kainatı,

Dam olanda anladım

 

Kor da etsə gur işıq,

Məmməd, haqq söz nur, işıq,

Yanmasan doğmur işıq,

Şam olanda anladım..