Qəşəm İsabəyli :  - ANAMIN QƏBİR YERİ

YAZARLAR 20:27 / 11.07.2026 Baxış sayı: 159

                                      hekayə

Haçan ki, kəndimizə yolum düşür, ilk gedəcəyim yer qəbiristanlıq olur. On illərlə qabaq dünyanı tərk eləmiş insanlar qərib nəzərlərini dikir üzümə. Salavat çevirib, çəkilib dururam doğmalarımın ayağı ucunda. Cəmi yeddi təpik torpaq ayırır bizi. Gəl ki, onlar artıq ruh olub...

Şəhərə qayıdanda nəvəmlə fikrimi bölüşürəm:

–Babalarının, ulu nənənin qəbirlərini ziyarət elədim.

Eşitmək istədiyim müsbət reaksiyanın əvəzinə nəvəm özünəməxsus cavabla qarşılayır məni:

–Ay baba, başa düşə bilmirəm, hər dəfə qəbiristanlığa getməyinin nə mənası var?! Həmin gördüyün qəbirlərdi, həmin gördüyün sinə daşlarıdı, baş daşlarıdı.

–Ay bala, dünyadan köçənlərimizin ziyarətinə gedəndə, onların sağ olduğu vaxtlar düşür yadıma. Ötən günlərin sevincində elə itib-batıram ki, hətta gülümsəyirəm də.

–Ay baba, artıq onlar torpağ olub, sümükləri də əriyib gedib.

Nəvəmin belə sözlərini həzm eləyə bilmirəm:

–Bala, internetdə o qədər mənasız olaylara baxmısan ki, fikirlərin dolaşıq düşüb. Öz nəsil-nəcabətini yad eləmək səndən ötrü bir məna daşımır. Məsələ bu ziyarətin və ya ölüyə ağlamağın faydasında deyil. – Qoca-yeniyetmə düşüncəsi çarpazlaşıb, mübahisə yaratmasın deyə, söhbəti uzatmıram...

Yadımdadır, 16 il əvvəl növbəti ziyarətim idi qəbristanlığı. Dəmir hasara söykənib, xəyala gedib, doğmalarımın şəkillərinə ba¬xırdım. Birdən ailəmizin dünyadan köçən, bizə olduqca böyük acılar yaşadan ilk üzvü – 19 yaşlı ortancıl qardaşımın qəbrinin sol əlində bir qəbirlik yer gördüm. Öz-özümə dedim, bu da anamın qəbir evi. Ürəyimdən, ani bir fikir ötdü – anam olmasaydı, bu yer mənim olacaqdı!

Üç il sonra anam şəhərdə rəhmətə getdi. Bacılarım dedi, vəsiyyət eləyib ki, kəndə aparmayın məni.

Anamın “Ölüm” sözündən acığı gələrdi. Amma ölümdən də qorxmazdı.

Xəstəxanada sağalacağına ümidi olmayan vaxtlarında hər gün baş çəkirdim ona. Bir dəfə dedi: “Günümü görüb, dövranımı sürmüşəm, ay bala, təki Allah sizə dəyməsin!”.

Anamın bu nəhs uzaqgörənliyi, yəqin ki, cənab Əzrayılın kefinə bərk dəyibmiş. Yoxsa nə olmuşdu ki, düz 30 il arvada heç gözünün ucuyla da baxmadı.

Yaşı 90-ı haqlasa da, deməzdik, ana, bəlkə vəsiyyət eləyəsən!

Bu, ondan ötrü sabahına ümidsizlik olardı.

Əməlli-başlı yaşını dəqiq də bilməzdik. Qəsdən hərdən soruşardım:

–Neçə yaşın var, ay ana?

–Vallah, anamın dediyinə görə bacım Qudyal qalın qarda doğulub.

–“Qalın qar” nə deməkdi?

–El arasında 1925-ci ilə deyirdilər. Onda o qədər qar yağıbmış ki, Kür çayı buz bağlayıbmış. Kənd adamları çayın o tayından arabayla odun qırıb gətirirmiş. Mən də kiçik bacım Tamaşayla Qudyaldan xeyli sonra doğulmuşuq.

Hesablayanda görürdüm ki, anam real yaşından 3-4 il də kəsib. Bəlkə də qorxurdu yaşı gözə gələr.

Ölüb gedərdim gülməkdən:

–Pis nəzərdən uzaq olasan, ay ana, öz aramızdı, maşallah, deyəsən ildən-ilə cavanlaşırsan!

Bu yaxınlrda Hacağa əmim oğlunun yasına getmişdim. Adətim üzrə Hacı Hacıoğlan əmoğlumla qəbiristanlığa da dəydik. Girib doğmalarımın qəbirlərin arasında – anamın qəbir yerində dayandım:

–Əmioğlu, durduğum bu yer mənə yaman doğma olub. Burada bir şəklimi çək.

Fikirləşdim ki, anamın qəbir evi şəhərdə qərib qaldı, qəbir yeri isə kəndimizdə.

Ruhu şad olsun!

06-07.07.2026