Əbülfət MƏDƏTOĞLU - ŞEİRİ PIÇILDAMAYAN ŞAİR
Sabir Abdinin “Əlvida deyirəm ayrılıqlara” kitabı barədə dost sözü
Bizim yolumuzun başlanğıcı lap uzaqlara, 80-ci illərin əvvələrinə gedib çıxır. Onda hər ikimiz tələbə idik. Hər ikimiz də ölkənin müxtəlif bölgəsində, amma təbiətin üzə gülən, könül oxşayan coğrafiyasında doğulmuşduq. O, Yardımlının Bürzünbül kəndində, mən isə Tuğda, yəni Qarabağda. Həm arzularımız, həm ruhumuz, həm də seçdiyimiz yol bizi Bakıda görüşdürdü. O zamanın yeganə universitetində. Və müxtəlif fakültələrdə oxusaq da, bizi bir-birimizlə sözümüz tanış etdi. Özü də universitet qəzetində. Beləcə başladı tələbəlik illərinin şinelindən çıxan dostluq. O dostluğun bir cinahında Sabir dururdu, birində də mən...
Mən onu öncə adına görə sevdim, çox istədim. Çünki ailəm üçün Sabir adı çox önəmli idi. Rəhmətlik atam 8-ci sinif təhsilli olsa da, Mirzə Ələkbər Sabiri çox sevirdi. Ona görə də sonbeşik qardaşıma Sabir adı qoymuşdu. Evimizdə də hamı Sabirin şıltaqlığına dözürdü. Bir şirin ərki vardı onun da. Elə həyatımın ən sarsıdıcı anı o şirinliyin qəflətən Haqqa qovuşması oldu. Bax, Sabir adı da mənim üçün özündə ehtiva etdiyi o doğmalığa görə Sabir Abdin də məndə ilk görüşdən xoş təəssürat yaratdı. Zaman göstərdi ki, bu dostluqda yanılmamışam. Çünki Sabir Abdin harda işlədisə, hansı bölgədə oldusa, ordan xoş sədasını eşitdim, orda məni xatırladı, orda məni gözlədi, orda məni şərəfləndirdi. Hətta mənə ithaf şeirləri də yazdı. Və bu şeirlərin birində vurğuladı ki:
Yağış olub yağıb gedək,
Çaylar olub axıb gedək,
O dağlara baxıb gedək,
Gəl, qoşulub Tuğa gedək.
Ürəyimiz əlimizdə,
Xatirələr dilimizdə,
Şələmiz də belimizdə,
Gəl, qoşulub Tuğa gedək.
Kağız götür, qələm götür,
Bayraq götür, ələm götür,
Ümidini lələm, götür,
Gəl, qoşulub Tuğa gedək.
Küləklərə gəl qoşulaq,
Yel qanadlı bir quş olaq,
Yurd yerində bir daş olaq,
Gəl, qoşulub Tuğa gedək.
Sübh, obaşdan çıxıb gedək,
Gözümüzü sıxıb gedək,
Nəyin varsa yığıb gedək,
Gəl, qoşulub Tuğa gedək.
Yatmış kəndin oyanacaq,
İşığına boyanacaq,
Bu ilk və son dayanacaq,
Gəl, qoşulub Tuğa gedək.
Süfrə açıb çörək kəsək,
Qoy dil açsın o daş, kəsək,
Gecikirik, biz tələsək,
Gəl, qoşulub Tuğa gedək.
Bu şeiri 30 il həsrətini çəkdiyim, yurd niskilini yaşadığım günlərimdə mənə təsəlli olaraq yazdı Sabir. Və hər bir görüşümüzdə, hər bir söhbətimizdə təkrar-təkrar vurğuladı ki, biz Tuğa gedəcəyik, biz o yerin sahibləriyik və o yerin də sahibliyini geri alacağıq. Maraqlıdır ki, bayrağımız Tuğa sancılan gün mənə ilk gözaydınlığı zəngini vuranlardan biri məhz Sabir Abdin oldu. İndi də həmin o xoş anı kövrələ-kövrələ xatırlayırıq.
Mənim kitabxanamda Sabir Abdin qələminin bəhrəsi olan kitabların özəl yeri var. Və bu da maraqlıdır ki, o kitabların hər birinin dünyaya gəlişi məqamını, sevincini bərabər bölüşmüşük. Kitabın ilk oxucularından biri olmuşam. Bu gün də Sabir Abdinin dünyaya gələn növbəti kitabı ilə həmsöhbətəm. Kitabın qəribə bir adı var: “Əlvida deyirəm ayrılıqlara”.
Özünüz də bu adın tutumunu, çəkisini, məna yükünü yəqin ki hiss etdiniz. Şairin birbaşa ayrılıqlara meydan oxuması, onlara üsyan etməsi və qəti şəkildə əlvida deməsi sözün böyük anlamında poeziyanın gücünü göstərir. Yəni Sabir Abdin ruhunun, sözünün çəkisini diqqətə çatdırır. Elə buradaca xüsusi olaraq qeyd edim ki, mənə görə, Sabir şeiri yazmır, şeiri deyir, özü də pıçıltı ilə yox, ərklə, birbaşa, necə deyərlər, daxili hökmlə. Məsələn, onun çoxlu sayda şeirlərinə musiqilər bəstələnib. O nəğmələrdən biri “Mənə dəniz verin” adlanır. Mən hələ o şeiri oxuyanda Sabir Abdinə dedim ki, qardaş, dənizin sahibi onu nə sənə, nə mənə verən deyil. Amma sənin bu ərklə, bu ürəklə istəməyin, yəqin ki, cavabsız qalmayacaq. Belə də oldu. Həmin nəğmə tanınmış müğənnimiz, Xalq artisti Eyyub Yaqubovun ifasında populyarlıq qazandı, dinləyici və tamaşaçıların sevilən nəğməsinə çevrildi. Məntiqi olaraq Sabir istədiyi dənizi aldı.
Elə barəsində fikirlərimi sizinlə bölüşdüyüm kitabdakı “Mən gözlədim, sən gəlmədin” şeirinə Azərbaycanın ən populyar və sevilən bəstəkarları Cavanşir Quliyev və Nadir Əzimov, eləcə də Vüsal Qurbanov musiqi bəstələdilər və bu mahnı da müəllifə uğur gətirdi. Onun imzasını və sözünü dinləyiciyə, oxucuya sevdirdi. Ümumiyyətlə, Sabir Abdinin musiqi bəstələnmiş şeirlərinin hər biri demək olar ki, öz dinləyici auditoriyası olan nəğmələrdir. Ona görə ki, Sabirin içindəki gənclik eşqi ilə paralel düşündürmək, istiqamətləndirmək kimi müdriklik bacarığı birləşir. Və nəticədə oxucu da, dinləyici də onun söz dünyasının könüllü vurğunu olur.
“Əlvida deyirəm ayrılıqlara” kitabında şairin şeirləri və nəğmələri yer alıb. Üç hissədən ibarət olan kitabda vətən, şəhid, torpaq, qələbə və bir də vətəndaş mövqeli poeziya nümunələri sıralanıb. Burdakı şeirlərin hamısında qələbə və inam hissi hakimdir. Hətta onun “Dualı əllərin Göyçəyə körpü” adlanan şeirində Milli Qəhrəmanımız Şövqi Abdullayevin ruhuna və onun doğmalarına hörmətlə yanaşı, Qərbi Azərbaycana qayıdış inamı hakimdir. Bu şeirdəki qətilik, yəni daxili əminlik bütün çılpaqlığı ilə, mübaliğəsiz ifadə olunub. Şair vurğulayır ki:
Gözlərin yol çəkir, bilirəm yenə,
O, Vətən daşıdır, yenə də sağdır!
Sarıldın sən ona bir bayraq kimi,
Sən uşaq saydığın uca bir dağdır.
Şəhidlər ölməzdir, şəhidlər sağdır!
Sabir Abdin poeziyasındakı bu kəsər onun torpağa, yurda sonsuz sevgisindən qaynaqlanır. Ona görə də o, yurdun ağrısını bütünlüklə duya bilir. Və duyduqlarını da sızıltıya yox, kəsərli, qətiyyətli sözə çevirir. Hətta özü etiraf edir ki, qorxulu, ürək ağrıdan, acı, kədərli, qan qaraldan xəbərlərdən, hadisələrdən bezirəm, yoruluram. Ona görə, ruhuma, könlümə doğma olan, məni o yorulduğum məqamdan çıxaracaq bir kəslə həmsöhbət olmaq istəyirəm. Və bu söhbətdə yaş önəmli deyil, önəmli olan anlayışdı. Ona görə də o, nəvəsi Ümrəsultanla da söhbət etməyi özünün həyat kredosunda təsdiqləyir. Və deyir ki:
... Deyəsən çox yordum səni,
get, bir az da yat,
sonra da gülüşünlə
dünyanı oyat!
Qarışdırma yuxunu,
gülüşünlə, təbəssümünlə
barışdır insanları,
gətir könüllərə baharı.
Mövzularını həyatın özündən və bir də könlünün incə nöqtələrindən sözə çevirən, yəni hər şeyin gerçək formasını rəngsiz, bəzəksiz, olduğu kimi oxucuya çatdıran Sabir Abdin istər təbiətdən, istər cəmiyyətdən, istərsə də günümüzün indiki anından şeir araya-ərsəyə gətirəndə şəxsən mən onunla söhbət etdiyimi hiss edirəm. Lap açığını desəm, o şeirlər mənə Sabirin səsində Sabirin söhbəti kimi şirin və doğma gəlir. Bax bu mənada az-çox sözdən xəbəri olan adam kimi birmənalı olaraq çıxartdığım nəticə budur ki, Sabir Abdin pıçıltını sevmir. O, musiqi hopmuş misralarında da, digər poeziya nümunələrində də, hətta ara-sıra könül verdiyi publisist yazılarında da bir kişi kəsəri ilə, hökmü ilə, hamının eşidə biləcəyi səslə fikrini bəyan edir. Düşünürəm ki, onun özəl oxucuları seçimlərində yanılmayıblar. Və həm də düşünürəm ki, Yardımlı şəlaləsinə üz tutub pıçıltı ilə:
Sən nur işıq payısan,
Dağların harayısan,
Günəşisən, Ayısan,
Ala gözlü Şəlaləm.
Şirin layla kimisən,
Gah eşq, nalə kimisən,
Məcnun, Leyla kimisən,
Şirin sözlü Şəlaləm.
- demək şəlaləni heç cür ifadə etməz. Şəlalənin səsinin içindən şairin səsi keçib daha da uzaqlara getməlidir. Məhz Sabir Abdin də həmin o səslə şəlaləni vəsf edir.
... Yardımlının Bürzünbül kəndindən və bir də Qarabağın Tuğ kəndindən üzü Bakıya uzanan yollar Bakıda bir-biriylə görüşüb paralelləşdi, çiyin-çiyinə dayandı. Bu gün də çiyin-çiyinədirlər. Ona görə də kitaba yazdığı avtoqrafda Sabir Abdin vurğulayır: “Gənclik illərindən yol gəldiyim qələm dostum, əziz qardaşım Əbülfətə...”. Yolumuz uğurlu olsun, qardaş! Yeni kitabın mübarək!