Könül Nuriyeva-  Onlara baxmalıydım, gözlərim kirliydi...

Ədəbiyyat 11:00 / 11.07.2026 Baxış sayı: 367

Onlara baxmalıydım, gözlərim kirliydi,

baxa bilmədim.

Zamanı qoluma taxmalıydım,

qolum zəncirliydi, taxa bilmədim.

Yaşamağa vaxtım yoxdu, axı bilirəm,

Niyə tələsdirirsən, ay ölüm?!

Axı gəlirəm...

 

Adam bəzən qarışdırır səsi-küyü, ünləri,

Sevdiyim şəhərin küçələri, tinləri

mənə min adamdan əzizdi, bunu bilirəm.

Adamları dünəndə qoymalıydım,

dünən kəndirliydi, qoya bilmədim,

bəlkə bu səbəbdən elə hey gülürəm...

 

Məni yalançı olmağa məcbur etdilər

danışdım həyatın kələklərini,

axı bir şeirimdə yaman saf idim

demişdim, adamlar inciməsin deyə

cibimə yığaram Bakının küləklərini!