Elnur Uğur Abdiyev - NECƏSƏN
Xoş gördük gecənin bu qatı vaxtı,
Ey Günəş çöhrəlim,salam,necəsən?
Eşitdim, bəxtinə qurban olmusan,
Gəlmişəm qurbanın olam, necəsən?
Getdiyin o gündən bitmir azarım,
Səngimir yaramın qanı, ha sarı.
Sənlə ucaltmışdım eşqin hasarın,
Ay uçuq məhəbbət qalam necəsən?
Cismimdə yeriyən ruh halım mənim,
Cavabı suallı sualım mənim,
Xəyalı özündən vəfalım mənim,
Ey mənim əbədi bəlam, necəsən?
Bircə gün ruhumu rahat qoymadın,
Körpə inadıyla əzdin,doymadın.
Uzaqdan bir quru salam qıymadın,
Vermədin bir salam,alam,necəsən?
Mən ki öz - özümü qıymışdım sənə,
Özümdən dönmüşdüm uymuşdum sənə.
Ən gözəl adları qoymuşdum sənə,
Maralım,ceyranım,balam, necəsən?