Sevinc Qərib- MƏNƏ DUA, AND NƏ GƏRƏK

Ədəbiyyat 21:27 / 24.12.2025 Baxış sayı: 426

 

Bütün mövzular tükənib,

Arzular tükənən sayaq.

Qırıq ümidə söykənib,

Ruhumu etmişəm dayaq.

 

Gecə pəncərəmi döymə,

Qəfil səslərdən qorxuram.

Çarpaz qollarıma dəymə,

Dərdi özümə sıxıram.

 

Təlaşla budaqdan düşən

Yarpaq kimi əsir ürək.

Çoxdan özümdən keçmişəm,

Mənə dua, and nə gərək.

 

Qırılmış ayaq kimiyəm,

Daşdan asılıb qalmışam.

Bütün qəmlərin qəmiyəm,

Dərdlə qol-boyun olmuşam.

 

Sevinci kəmdi ömrümün,

Qıtlıq vaxtına düşmüşəm.

Kasası daşdı səbrimin,

Qismətə lal ötüşmüşəm.

 

Asiyəm udduğum sözə,

Udub içimdə ölmüşəm.

Aldanıb işaran közə,

Sönəni yanan bilmişəm.

 

Ovcum duasız göynəyir,

Əlim yumruğa sıxılıb.

Dişim dilimi çeynəyir,

Sözüm içimə yıxılıb.