Sabir Zəkullaoğlu - Təklik yalnız Allaha məxsusdur.

YAZARLAR 14:35 / 23.12.2025 Baxış sayı: 1446

Təklik yalnız Allaha məxsusdur. Allah ədalətlidir. Allah adildir. Allah aqildir. Allah xaliqdir. Allahın min bir adı var…

Allahın adına bu kimi minlərlə fikir söylənilir. Mən də bir dəfə yazmışdım ki, nə yaxşı ki, Allah var.

Əslində Allahın olması çoxlarına sərf etmir. Çünki o “çoxları” dediyimiz insanlar allahsız bir mühitdə istədiklərini rahatlıqla həyata keçirə bilirlər. Bu insanlar əsasən yüksək səlahiyyət sahibləridir. Dünyanı idarə edir, müharibələr planlaşdıra bilirlər.

Elə götürək bizim mollaları. Allahın adından nələr danışmırlar? İnsan ağlına gəlməyən, məntiqsiz, rabitəsiz, idrakdan kənar nə desən, Allahın adına yazırlar. Onlar Allahın yoxluğunu hiss etdikləri üçün ağızlarını qoyublar Allah yoluna.

Hünərləri çatır bir məmurun adından nəsə desinlərmi? Yalanı bir yana, lap elə düzü də söyləyə bilməzlər. Çünki bilirlər ki, məmur onları cəzalandıracaq. Ən yaxşı halda cibindən narkotika çıxmasa da, evindən Xomeyninin məktubu tapılacaq.

İyirmi ildən çoxdur ki, mən Allahı axtarıram. Onu bəzən təbiətin heyrətamiz gözəlliyində, musiqinin adamı tilsimləyən ecazkarlığında, bir uşaq təbəssümündə, bir qadın gözəlliyində tapıram.

Amma şahidi olduğum ədalətsizliklərdə — Qarabağdan başlamış Fələstin–Qəzza, ta Ukraynaya qədər uzanan müharibə ocaqlarında; valideynlərə bir ömür dərd olan, anadan şikəst doğulan uşaqlarda; dinlərarası münaqişələrdə və zəlzələlərdə həlak olmuş minlərlə günahsız insanın ölümündə — gözüm hələ də onu axtarır. Təəssüf ki, mən onu hələ də tapa bilməmişəm.

Belə baxanda mən onu qınamıram da. O, bu işləri şeytana həvalə edib. Şeytan da yaxşı idarə edə bilmir. Üstəlik, qurbanı olduğum o qədər humanist və rəhmlidir ki, qıyıb şeytanı işdən azad etmək istəmir. Doğrusu, onu əvəz edəcək ikinci bir şeytan da yoxdur. Nə qədər olmasa, öz yerlisidir.

Bu axtarışların fonunda məni ən çox düşündürən Allahın tək olmasıdır. Düşünürəm ki, Allah tək olduğu üçün bizlərə qarşı bir çox hallarda laqeyid, bir az da səhlənkardır.

Axı subay adam haradan bilsin övlad məhəbbəti nədir? Elə özümüzü götürək: biz övlad sahibi olub valideyn olmayınca, valideyn qədrini bilə bilmirik.

Belə götürəndə biz də Allahın övladlarıyıq. Heç valideyn övladlar arasında fərq qoyub birini yağ-bal içində firavan, başqasını isə səfil, itin gününə salar?

Hələ üstəlik kasıb övladlarına “mən səni daha çox sevirəm, sevdiklərimi imtahan edirəm” deyib, öz övladları ilə məzələnərmi? Elə bir dəfə də babalını qoy mənim boynuma, bu kasıb balaları pulla, var-dövlətlə imtahan elə də.

Həm də Allah tək olmayıb evlənsə, o xanım ona mütləq təsir göstərəcək. Nə qədər olmasa, anaların ürəyi atalara nisbətən daha yumşaq olur. Belə olarsa, Afrikada və dünyanın başqa yerlərində acından ölən uşaqlara da rəhm edilər.

Ümumiyyətlə, qadınsız həyat maraqsız və mənasızdır.

Məncə, qurbanı olduğum tezliklə evlənməlidir. O evlənsə, bəşəriyyət də bu evlilikdən xeyir tapar.

Yeri gəlmişkən, onu da deyim ki, mən subay olanda deyirdilər: “Subaylıq sultanlıqdır.” Evlənəndən sonra gördüm ki, bu heç də belə deyil.

Məncə, təkcə nəvənin nə olduğunu bilsə, o heyranı olduğum bir gün də subay qalmaz.

Bəlkə də problem ondadır ki, biz Allahı göylərdə axtarırıq, halbuki o, insanın vicdanında gizlənib. Tapılmamasının səbəbi isə bəlkə də axtardığımız yerdə yox, baxmadığımız yerdə olmasıdır.