Ədalət Salman - SÖZƏ BAĞIŞLA

Ədəbiyyat 08:30 / 25.12.2025 Baxış sayı: 136

 

Bu gün kitabımın birini satdım,

Bir kilo ət aldım balalarıma.

Ramiz Qusarçaylı.

 

Zəmanə utansın bu misralardan,

Üzü qara olsun belə dünyanın.

Ehtiyac şairi salır vüqardan,

İnsafı, mürvəti hanı dünyanın?

 

Mələklər Tanrıdan yetirər ruzi,

Bəndələr şairin üzünə baxmaz.

Dönəndə əlləri ətəkdən uzun,

Evdə qadını da sözünə baxmaz.

 

Haqq nahaqq önündə durub müntəzir,

Bu yalan dünyada düz axtarırıq.

Bu gün hamı düşüb var-dövlət gəzir,

Bizsə, gecə-gündüz söz axtarırıq.

 

İlahi, sən bizi sözə bağışla,

Sözlə yediririk balamızı da.

İlahi, sən bizi bizə bsğışla,

Onsuz da, çəkirik bəlamızı da...