Bəzən mistik qüvvələrə qətiyyən şübhən qalmır...
Həyatda bəzən elə hadisələr baş verir ki,onun mistik qüvvələr tərəfindən idarə olunduğuna qətiyyən şübhən qalmır.
Bu gün Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin yarandığı gündür.Sumqayıtda bölmə məhz sizin ideyanız,zəhmətiniz və səyiniz hesabına yarandı.Xoş o insanların halına ki,dünyadan el çiynində köçür,izi könüllərdə,sözü dillərdə qalır.Ünvanımıza təbriklər gəlir durmadan.
Bu gün biz də sizin ziyarətinizə gəlmişdik.Bu gerçəkdən bir təsadüfün işi deyildi.Mən buna tamamilə əmin oldum.Yolumuz Ağsuyaydı.Ağsu dolayları çiskinli idi,dağların tüstüsü təpəsindən çıxırdı buram- buram.Ana ilə balanın qoşuşmasından düz 40 gün keçirdi.Yadıma sizi Ağsuya öz vəsiyyətinizdə olduğu kimi yol qırağında,arxın şırıltısı gələn tərəfdə...dilim varmadı gerisini deməyə,əlim gəlmədi gerisini yazmağa.Dostlar hamısı heyrət içindəydi,bir- birinə sığınmışdılar,göz yaşları içinə axırdı hamısının.
Çox kövrəldim,bir az dünyaya hirsim tutdu,bir az içimdə bəxt yazanı qarğıdım...
Eviniz suyu sovulmuş dəyirmana dönmüşdü,bircə bacınızın gözlərinə baxmaq olmurdu.Keşkə Sabir də anam qədər yaşayardı,- dedi astada,lap pıçıltıyla.Üç simsarını itirib böyük kədərinə sığınmış ürkək,həyalı,abırlı,amma kədərin önündə özünü tox tutan,genindən gələn bəylik,bəyzadəliyi üzünə hopmuş əsil Azərbaycan xanımı durmuşdu qarşımda..Heç nə deyə bilmədim.Susdum.Çünki o ağrının necə olduğunu yaşayan bilir...
Sağollaşıb ayrıldıq.Pirhəsənli kənd qəbristanlığına üz tutduq.Dərin kədər çökmüş bir hüzn vardı burda.Abidənizin önündə durduq.Heç birimiz dinmədik.Məmməd (İlqar) müəllimin həyat yoldaşı Fatma xanım,bacı dediyiniz ailə dostunuz Rahilə xanım, ömür- gün yoldaşınız Zərnigar xanım və mən.Ata,ana,oğul və bala sıra ilə elə dərin yuxuya getmişdiniz ki...Fələyin də ürəyi gəlməmişdi sizi oyatmağa.
Yenə yadıma hər dəfə dərinliyinə enəndə,fəlsəfi qatını anlayanda adamı param- parça edən misralarınız düşdü:
Bir qəbirdə atam,birində balam,
Daha nə əvvəlim,nə də sonum var...
Vəssalam...De gəl döz,ürək,de gəl yanma, könül bu taleyin iştəklərinə...
P.S.Bu gün bölməmizin yarandığı gündür.Dostlar,tanışlar durmadan təbrik mesajları göndərirlər.Bunlar hamısı sizin ünvanınızadı,sizin haqqınızdı,Sabir müəllim! Sağ olsunlar,xatırlayıb,xatırladanlar.