Əşrəf Veysəlli - BALALARIMA
Elə ki kövrələr körpə qəlbiniz
Tez gəlib boynuma sarmaşarsınız.
Bir ümid sapından yapışaraq siz,
Yüz mərtəbəyə də dırmaşarsınız.
O məhzun, o məsum gülüşünüzlə
Xəstə palatama al səhər gələr.
Astaca- astaca gəlişinizlə
Üstümə ən məşhur həkimlər gələr.
Körpə şitillərim, a tər güllərim,
Yaxşl ki dünyada sizlər varsınız.-
Qopub ayağınız altına düşsə,
Xəstə könlümü də sağaldarsınız.
Mən bu gün nur içdim, təsəlli içdim,-
Neçə yol gəldiniz, getdiniz, bala.
Sizə bir atalıq eyləməmişdim,
Siz mənə oğulluq etdiniz, bala…
Fikirlər, xəyallar süst eylər məni,
Ağrılar, acılar üstələr məni,
Elə ki gözümdən gen düşərsiniz,
Könlüm həyat kimi istəyər sizi,
Ancaq istəmərəm gəlişinizi,-
Məni xəstəliyin əlindən alıb,
Birdən buralara oyrəşərsiniz.
1976- cı il.