Bəhruz Niftəliyev - Günəş buludlardan da yüksəkdə dayanır...
Günəş buludlardan da yüksəkdə dayanır,
Sənin həsrətin kimi
Kədərdən də o tərəfədi.
İndi hansı vaxtı, hansı ərəfədi?
Bilmirəm…
Unutmalıyam!
Səni, özümü…
Unutmalıyam sənlə bağlı hər nə varsa!
Ovutmalıyam ötənlərlə,
Ruhumda, ürəyimdə ölənlərlə haqq-hesabım yox!
Məni sənə bağlayan əzabım deyil, əzbərimmiş,
Hər səhər adınla, dadınla başlamaq ehtiyacımmış,
Sən demə Səni sevmək ən böyük acımmış!
Unutmalıyam!
Unutmalıyam!
Məsələn hansı rəngi xoşladığını,
Hansı tarixdə doğulduğunu,
Mənə aşiq olduğunu…
Unutmalıyam , mənim üçün doğulduğunu!
Yollar ayırır bizi,
Dərdə bax ki, yadlar ayırır bizi!
Su olanmadın, ay ömrüm,
Odlar ayırır bizi!
Unutmalıyam!
Unutmalıyam, sənlə keçən günləri,
İlləri unutmalıyam!
Nolar yadırğama bizdən qalan gülləri,
Dibçəklərə su ver,
Dilənçilərə pul!
İnanclara inanma daha,
Allah da sevmədi bizi!
Dua et demirəm, arada dava et,
Niyə, nə üçün sevdiyini və niyə tərk etdiyini anlamaq üçün!
Unutmalıyam!
Səni nə vaxt, nə çağ sevdiyimi!
Alçaq təpələrdə qar aradığımı,
Qar yerinə, tel-tel ağardığımı,
Sənin üçün hər gün, hər saat ağrıdığımı
Unutmalıyam, a gülüm!
Unutmalıyam arzumun sən olduğunu,
Sevgidə qənimim,
Dayazımın, azımın sən olduğunu,
Alnımın, alnımdakı yazımın sən olduğunu unutmalıyam!
Unutmalıyam , a gülüm!!!
24.12.2025
Ankara