Xanım İsmayılqızı - Bir şey edim ki, həm sənə, həm də özümə xoş gəlim.
Bir şey edim ki, həm sənə, həm də özümə xoş gəlim.
O divanə rahatlığa elçi göndərim, tuş gəlim.
Yığışdırım ətrafımı, zibili süpürüb atım.
Dilimə düşən acını, yenə də tüpürüb atım.
Gələni qarşılamaqçün yuyub-təmizləyim evi.
O qədər döyüb-söymüşəm, bir az əzizləyim evi.
Havasını dəyişdirim, içə doya-doya çəkim.
Yanağıma allığımı, dodağıma boya çəkim.
Saçlarıma tumar verim, gözlərimi sürmələyim.
O şəffaf libası geyim, yaxasını düymələyim.
Süfrəni də açım hələ, sevincimə yer ayırım.
Olanımı, qalanımı duyğularımla doyurum.
Mən masanın bu başına, sənsə o başına əyləş.
Yenə də üz-üzə qalaq, gözümün yaşına əyləş.
Eləcə susub baxışaq, hisslər odumuza düşsün.
Bütün ötənlər, keçənlər bir də yadımıza düşsün.
Həzin musiqi səslənsin, rəqsə dəvət et yenə də.
Əlimdən öp, üzümdən öp, öpüş göndər qəlbimə də.
Küsüb-barışılan ildən bir sən qaldın, bir də ki, mən.
Təkcə sənin yanındadı göydəki mən, yerdəki mən.
Qədəminlə xoş gəlirsən ruhumun qonaqlığına.
Ürəyə şərab süz... İçək yalan ilin sağlığına.