Ələddin Əzimli - QORXU
Ədəbiyyat
11:04 / 20.04.2026
Baxış sayı: 207
" Sözlərdəki sən"dən
Yüzün içində birəm,
birin içində yüz.
Mən sahiləm,
sən çılğın dəniz.
Milyonların içində
tənha, kimsəsiz...
Xoşdurmu sənə,
dillənsənə!
Sağım, solum adam,
nəinki onlara,
özüm-özümə yadam.
Səhərə az qalır,
hələ oyağam.
Bir parça şüşədir
dünya əlimdə.
Sürüşüb düşməsindən,
çilik-çilik olmasından qorxuram.
Bu qorxu hissini
parça-parça edib, sındıran gərək.
Unutmamısınsa,
tənhayam, dedim bir az öncə.
Sığınmışam,
dar dalanda bir küncə.
Bu müdhiş mənzərəyə
həm qorxuyla,
həm də gözü yumulu baxıram.
Haçansa,
qeybdən kimsə,
köməyimə çatınca...