Şakir Xanhüseynli - bir yerə dərlədim bu "minakları"

Ədəbiyyat 10:26 / 20.04.2026 Baxış sayı: 290

bir yerə dərlədim bu "minakları"

***

quşların səsini görürəm:

ərik ağacının

çəhrayı çiçəkləri...

***

quş yuvaları qışqırışır budaqlarda,

qanad çalır, çırpınır...

***

qumru quşu

bir qımqımı oxuyur kimi,

ağaclarda qımıltı...

***

bu yollar uzunluq ölçüsüdü,

ya uzaqlıq.

ən çox çəkən tərəzidi,

onun da bir dərdi yox...

***

özümü ovudammıram heç cür;

müharibələrdə, axı, quşlar da ölür,

yabanı çöl gülləri də,

balaca uşağın əlləri də...

***

çiynin üstə, ucada duran başını

yerdən qaldır...

***

hərdənbir

dənizin üzünə

səmadan göz yaşları səpilir...

***

O elə bağbandı ki,

hər bağa girəndə

ağaclar ayaq üstə

qarşılayır onu....

***

Bir şeir;

tərkibi təbiidir, heç bir qarışığı yox...

***

çiskinli hava;

yamyaşdı

quru budaqlar...

***

adam, içində də çəkir-- tənha, tək,

adam içində də-

hamıyla birgə...

***

günün şüaları

həyətdəki ağacın budaqlarına dolaşıb

qalıb...

***

Payız;

ağaclar adamlardan da,

sanki bir-birlərindən də utanırlar...

***

...gör, o batan səs kimdi,

o qaralan nəfəs kim.

yorğun düşüb qatlanan o diz,

dörd olub baxan o göz kim...

kimdi əyilən o baş,

düyümlənən qaş?..

***

Bu yoxuş qalxammır,

eniş enəmmir,

bu daş qaldırammır məni.

***

Bax, əsa götürüb gedir qocanı...

***

kəpənək,

ona sarı əyilmiş gül ləçəyini

bağrına basdı...

***

şehin üstünü

bir ot yarpağı örtdü;

günün gözü çırtdamağa başlamışdı...

***

yarpaqlar ağacı elə bürümüşdülər ki,

elə bil ona nəsə olacaqdı...

***

bulud topasını

dağ bilib

qaçır altından uşaqlar...

***

sahildə köhnə qayıq;

kim bir tay ayaqqabısını burda qoyub

getmiş...

***

Kirpikləri qovuşmadı

yuxu sevgi kimi gözlərinə gəlməyincə...

***

Sevgi yolunda heç yürümürdü,

amma sevgiylə bağlı

hey fikir yürüdürdü.

***

artıq çəkidən əziyyət çəkir

bəzi şeirlər də...

***

çox istəsəm də, çata bilmədim sənə,

qaçmağım yorulmuşdu...

***

gün çıxmış,

şehlər almaz kimi parıldayır,

bərq vururdular,

sanki günün gözünü

qamaşdırmaq istəyirdi onlar...

***

Bir az kübar olsana,

eynəyimdən düşərsən ha...

***

mərhəmət, yaxşılıq hissi sevəndə olar,

hər şeyin gözəli,

bax, insanlar bir-birini sevəndə olar...

***

kədərini yon, yon,

sevincə çıxanacan...

***

başına sıx-sıx saç əkdirən var

ağıl seyrəkliyində...

***

Dən dolu sünbüllər,

qəlbimdə bir nəğmə gümüldər...

***

təklik addımlayırsan,

üzün çıraq alışır

gələcək gəlmir

o da keçir

bir dilim alova yalvarçıyam:

-aman, yanmamaq üçün

məni bu oddan keçir...

***

nəhayət, öyrəndiyin bir şey ola bilər:

axı, nə öyrəndim...

***

ən uzaq bir ulduzda

olsan da,

qəlbimdəsən;

bəyəm heç darıxmırsan

həmişə darıxan

bu qəlbimdə sən?

***

kimə sağ ol deyəsən

hansı işinə görə...

gəl, yerdən üzmə məni

qaldırmaqçın göylərə!