Tahir Rzayev , millət  vəkili : -  " Yeni büdcə   gələcək inkişaf üçün  perspektivlər açır"

İqtisadiyyat 20:04 / 06.12.2023 Baxış sayı: 1826

"Milli Məclis artıq 2024-cü ilin dövlət büdcəsini təsdiqləyib. Büdcənin belə formatda qəbul olunması gələcək inkişafa, insanların sosial rifahının yaxşılaşdırılmasına, müdafiə və milli təhlükəsizliyimizin təmin olunmasına, regionların inkişafı, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpasının sürətləndirilməsinə hesablanıb. Büdcədə 43%-dən çox vəsait sosialyönümlü xərclərə ayrılıb. Bu, cari ilə nisbətən 1 milyard 35 milyon manat çoxdur. Bir çox islahatların həyata keçirilməsi ilə əlaqədar vəsaitin 7 milyard manata çatdırılması əlbəttə ki, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqətin nümunəsidir. 4 sosial islahat paketi dörd milyondan çox insanı əhatə edir ki, bu da ildən-ilə sosial məsələlərə diqqətlə yanaşılmasının nəticəsidir".

Yenises.az  bildirir ki,  bu  açıqlamanı mətbuata  Milli Məclisin komitə sədri Tahir Rzayev verib..

Onun sözlərinə görə, ölkənin müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılan vəsait də kifayət qədərdir: "Bu sahəyə təxminən 9 milyard 377,7 milyon manat vəsait ayrılıb. Hesab edirəm ki, müdafiə və milli təhlükəsizlik məsələsi hər bir vətəndaşı ciddi düşündürür. Çünki müharibədən qalib çıxsaq və müstəqilliyimizi tam şəkildə təmin etsək də, dövlətin müdafiə qüdrətinin möhkəmləndirilməsi ali məqsəd kimi qarşıya qoyulub. Bu, dövlət büdcəsində də öz əksini tapıb. İmkan daxilində bu sahəyə hətta əlavə vəsaitin qoyulması da lazımdır. Çünki Azərbaycana qarşı xarici ölkələr tərəfindən ciddi təpkilər var və yalan-şantaj kampaniyası genişlənməkdədir.

Bu gün Amerika və Fransa kimi dövlətlər Ermənistanı silahlandırıb yeni müharibəyə təhrik etmək niyyətindədirlər. Ona görə də hesab edirəm ki, müdafiə və milli təhlükəsizlik məsələsi dövlətin daim diqqət mərkəzində olmalıdır. Sevindirici haldır ki, bu məsələ büdcə xərclərində də nəzərə alınıb. Dövlət büdcəsində düşməndən azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və tikinti-abadlıq işlərinin görülməsi üçün ayrılan 4 milyard manat vəsait gələcəkdə artırıla bilər. Çünki öz dədə-baba yurdundan didərgin düşmüş insanların daha tez bir zamanda torpaqlarına qayıdışı çox vacibdir. Artıq Laçına, Füzuliyə, Zəngilana köç prosesi həyata keçirilir. Həmin ərazilərdə möhtəşəm işlər görülür. Bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət rəhbərinin tapşırığı ilə regionlarda böyük işlər həyata keçirilir".

Deputat sözlərinə davam edərək bildirib ki, büdcədə 17 məsələdə dövlət proqramının yer alması və bu proqramların bilavasitə ölkənin sosial-iqtisadi inkişafına, xəstəliklərin aradan qaldırılmasına, təhsil, səhiyyə və kənd təsərrüfatının səmərəli fəaliyyətinə, qida təhlükəsizliyinin təmin olunmasına istiqamətləndirilməsi önəmlidir: "Sözsüz ki, kənd təsərrüfatı Azərbaycanda önəmli sahədir və qeyri-neft sektorunun inkişafında əhəmiyyətə malikdir. Bu məqsədlə büdcədən 1 milyarddan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu da gələcək inkişaf üçün yeni perspektivlər açır. Əlbəttə ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən bir sıra mühüm tədbirlər, xüsusilə toxumçuluq təsərrüfatının yaradılması, heyvandarlıqda cins tərkibinin dəyişdirilməsi, yeni texnologiyaların tətbiq olunması gəlirli sahə kimi özünü göstərməyə imkan verəcək. Bu da büdcəyə xeyli dərəcədə vəsaitin əlavə olunması deməkdir. Azərbaycan büdcəsi ildən-ilə artır. Əgər büdcə gəlirləri artarsa, digər sahələrdə də xərclərin artırılması önəmlidir. Sözsüz ki, Prezident İlham Əliyev və hökumət bu sahədə əlavə tədbirlər həyata keçirəcəklər".