Arzu Əsəd : - Bu gün 60 tamam olur.

YAZARLAR 10:09 / 09.06.2025 Baxış sayı: 1115

Bu gün 60 tamam olur.

Hiss edirəm ki, ruhum daha çox daxili çarpışma və ziddiyyətlərdən parıldamasa da, paslanmayıb.

60-ı 30 kimi qəbul edirəm. 60-ın təfəkkürü və 30-un enerjisi ilə yaşayıb həyatımda daha çox iradə və təmkinin yer alacağı bir tərzdə yaşamağa çalışacam.

Bu günə qədər hər yaş günüm olanda nələrisə dəyişəcəyimə dair yəminlər və tövbələr etmiş, sonra isə yavaş-yavaş özümü aldada-aldada onları pozmuşam. Hiss edirəm ki, 60-ın gəlişi ilə hisslərim və ağlım, arzularım və iradəm arasında bir səssiz müqavilə, kompromis yaranır.

Bəlkə də "yəminlər və tövbələr pozulmaq üçündür" fəlsəfəsi həyatımda öz mütləq gücünü itirəcək. Bəlkə də yenidən yəminlər və tövbələri pozaraq həyatın başdan çıxaran şirinliyinə qoşulmağın elə həyatın əsil fəlsəfəsi olduğunu bir də, bir də iqrar edəcəm.

Bütün hallarda fizikamın 60, psixologiyamın 30, metafizikamın əbədi yaşını təbrik edən dostlarıma çox sağ ol deyir, onlara gözəlliklər diləyir, bilmədən xətrinə dəydiklərimdən halallıq istəyir, əyani görüşə biləcəyim müasirlərimlə fürsət tapıb görüşmək, duyğu və düşüncələrimizi bölüşdürmək arzumu ifadə edirəm.