Arzu Əsəd : - "Hadisələrə kim hansı ağıl çərçivəsində, hansı baxış açısından baxırsa, onu o xarakterdə görəcək".

Bədxahlar, mizantroplar, konspirasiyaçılar şəxsi dar dünyagörüşləri və qrup mənafeləri çərçivəsində tarixi onun öz məntiqi gedişatından, fəlsəfi mahiyyətindən çıxararaq xarici kəşfiyyat idarələrinin fəaliyyət proqramları kimi qələmə verməklə, neçə gündür, bu millətin gözünün qarşısında baş verən tarixi məzmunlu hadisələrin əhəmiyyətini aşağı salmaq istəyirlər. Guya bu hadisələr qlobal oyunun bir parçasıdır yaxud millətin, dövlətin tarixinə, taleyinə aid olmayan kriminal razborkalardır və sairə.
Bizim möhtəşəm tarixi hadisə dediyimiz, iftixar etdiyimiz, qürurla haqqında duyğu və düşüncələrimizi bölüşdüyümüz liderlərimizin yüksək səviyyəli görüşləri, danışıqları, müqavilələri, nümayiş etdirdikləri birlik bu bədxahların təqdimatında dünyanın gedişatına, supergüclərin qlobal planlarına təsir etməyəcək görüntülər kimi təqdim edilməyə çalışılır.
Bunlar tarixin fəlsəfəsinə nüfuz edə bilməyən, statik düşüncəli, xarici kəşfiyyat idarələrinin əlində oyuncağa, vasitəyə çevrildikləri üçün qarşılarına gələn mətnləri hər cür konspirativ improvizələrlə düzəldib insanlarımızın beynini yumaqla, onların mübarizə və inkişafının həqiqi hədəfini dəyişdirmək cəhdi ilə məşğuldurlar. Yekəxana ibarələr, istehzalı üslub, nifrət dolu leksikonla xalqımızın və qardaş millətlərin liderlərinin həcvinə çalışır, onların nüfuzunu aşağı salmaq, bununla da tarix yaratmaqda olan xalqın qətiyyətini, əzmini qırmağa cəhd edirlər. Bu şəxslər özlərini son dərəcə praktik və xalqa yaxın göstərirlər.
Daim əhalinin yaşayış, sosial rifah damarını basırlar, ölkədə olan qanunsuzluqları, sosial ədalətsizliyi, Tərtər hadisələrini və ümumiyyətlə, bütün neqativi qabardırlar. Guya anlamırlar ki, Qarabağı, Xankəndini bu millətə, bu dövlətə bəxş edən lider - İlham Əliyev bu illər ərzində yalnız xarici işğalçı düşmənə qarşı deyil, həm də onun böyük və güclü himayədarlarının bizim daxilimizdə yerləşdirdikləri daha məkrli, daha quduz düşmənlərə qarşı ehtiyat və səbrlə - məhz böyük bir siyasi ağıl və məharətlə vuruşub. Onun bu xalqa verdiyi "nəyin necə, nə vaxt" ediləcəyi mesajı həm də Tərtər hadisələrinin ədalətlə araşdırılacağına, əhalinin sosial rifahının artırılmasına, ölkədə həqiqi demokratik islahatların aparılacağına da aiddir. Siyasi davranış problemlərin aktuallıq dərəcəsinə görə son dərəcə dəqiq, ardıcıl, vaxtında yerinə yetirilməsini tələb edir.
Biz tariximizin bu vaxtında həm dünyaya meydan oxuyan bu böyük qələbəni qazandıran müharibəni və ondan sonrakı quruculuq işlərini apara, həm də sosial məsələləri Avropa standartları səviyyəsində həll edə bilməzdik. Bütün dünyada demokratik və liberal dəyərlərin görünməmiş, misilsiz bir iflasa uğradığı bir vaxtda ölkəni demokratiya adı altında xaosa, dağılmağa sürükləyə bilməzdik. İçində bulunduğumuz hadisələr tarixin böyük transformasiyasının təzahürləridir. Bunun içində oyun da olacaq, kriminal razborkalar da, böyük maliyyə axınlarının yer və əl dəyişməsi də və sairə.
Hadisələrə kim hansı ağıl çərçivəsində, hansı baxış açısından baxırsa, onu o xarakterdə görəcək. Bu xalqın idrakı ilə oynayanlar oyun kimi, hakimiyyət razborkası ilə məşğul olanlar kriminal razborka kimi, milli şüurun oyanışı, müstəqil dövlətçiliyimizin inkişafı perspektivlərindən yanaşanlar da tarix yaradıcılığı kimi baxacaqlar.