Elşən Əzim : - Niyə boy atmadın...

Ədəbiyyat 11:48 / 09.06.2025 Baxış sayı: 1017

 

 

Əlamətdar günlərdə mötəbər şəxslər ağac əkirlər. Belə ağacların göyərib boy atdığını az- az görmüşəm.

 

Niyə boy atmadın, yaxşı bilirəm,

Ürəksiz əkdilər əkənlər səni.

Əkdilər haqqında yazı yazalar,

Əkdilər şəklini çəkələr sənin.

 

( Bir ağac görmüşdüm, elə bilirdim,

Mələk qanadından yaz düşüb yerə.

Soruşdum: "kim əkib"?

Dedilər : " heç kim.

Qarğa dimdiyindən qoz düşüb yerə".

 

Sənisə mötəbər bir adam əkdi,

Bəs nəyin dalğası qurutdu belə?

Saxta əməllərin, yalan sözlərin,

Zəhərli havası qurutdu belə.

 

Yaxşı ki qurudun, səni yormadı,

Günəşə yüyürən çox istəklərin.

Körpə yarpaqların çəpik vurmadı,

Quru hay-küyünə boş küləklərin.

 

Sən özün qurudun, gövdən duyanı-

Nazik budaqların duymasın deyə.

Ağaclar görmüşəm, baltalayırlar-

Kimisə kölgədə qoymasın deyə.

 

Kimdir məhəl qoyan çöldə bitənə,

Kağızdan gülləri düzəldir insan.

Bu yoxsul bazarda məhsul satana,

Parnik şitilləri düzəldir insan.

 

Kiminsə niyyəti uşaq kimidir,

Oda sarı gedir, qoy hələ getsin.

Çılpaq budaqların barmaq kimidir,

Yanından keçəndə hədələ getsin.

 

 

Kişisən, qurudun kökünün üstdə,

Qırmadı əzmini ehtiyac sənin.

Nə yaxşı görmədin mən görənləri,

Bəxtəvər başına, ay ağac sənin.