Elnur Uğur Abdiyev : - Qurban məhəbbətin everestidi,

Ədəbiyyat 06:42 / 08.06.2025 Baxış sayı: 1168

Kimisi qoç kəsdi qurban elədi,

Kimi ümid kəsdi bayram günündə.

Görən utandımı qonşu ac ikən,

Ehram geyinənlər ehram önündə.

 

Qurban məhəbbətin everestidi,

Zirvələr fəth edən ayaq yox,qəlbdi.

Daldada kiminsə haqqına girən,

Sənin tövbən özü hardasa qəsbdi.

 

Ey ümid kəsənlər , ey qoç kəsənlər,

Hamıya Allahın altında yer var.

Kimsənin haqqını yeməsə kimsə,

O zaman o bayram mübarək olar.

 

Müqddəs bu günün uca adına,

Tanrı əfv eləsin yerin günahın!

Vallah, qulağımız tamam tutular,

Əgər duya bilsək,göylərin ahın!

 

Bu gün mübarək gün, müqəddəs gündü,

Əməllər əllərə qoy əlcək olsun.

Gec deyil Tövbəni geyinin ruha,

Ruhən bayramınız mübarək olsun.