Aləmzər Sadiqqızı - Havası...

Yenə də qarşımda bir ağır səfər...
Yenə də başımda köçmək havası...
İllərdir içimdə çırpınır, durur...
Yaşamaq havası, ölmək havası.
Mənəmmi duman tək dağa çəkilən,
Özü öz könlündə dara çəkilən,
Gizlənib gah sola, sağa çəkilən,
Tapılmaq havası, itmək havası.
Hərdən uzun gəlir, hərdən çox qısa,
Gah toya köklənir, gah da ki,yasa,
Ömründə səninlə yaşayır qoşa,
Başlamaq havası, bitmək havası.
Bizimlə doğular, bizimlə ölər,
Gah bizi güldürər, gah da inlədər,
Beşikdən yol başlar məzara qədər,
Sevilmək havası, sevmək havası...