Xanım İsmayılqızı - Kədərimi yıxmışam...

Ədəbiyyat 11:07 / 26.07.2025 Baxış sayı: 1174

Kədərimi yıxmışam,

Öz ömrümdən çıxmışam,

Özümçün darıxmışam,

Ünvanımı bilən yox.

 

Aylarla ili aşdım,

Milyon günə qarışdım,

Xatirəmlə danışdım,

Səsimi eşidən yox.

 

Kölgəm də gəldi dilə,

Bir adam yox dil bilə,

Yıxılıb ölsəm belə,

Yoxluğuma ölən yox.

 

Fələyi güldürmüşəm,

Bəxtimi söndürmüşəm,

Özümü öldürmüşəm,

Qapıma da gələn yox.

 

Kədərimi yıxmışam,

Öz ömrümdən çıxmışam,

Özümçün darıxmışam,

Ünvanımı bilən yox.

 2005.