Aida Adıgözəl : - Səndən sonra...

Ədəbiyyat 08:14 / 07.07.2025 Baxış sayı: 1226

 

Səndən sonra qalxmaq da var,

könlümdəki məzarlıqdan boylanmaq

ayrılığa acıq vermək...

Yaşamaqmı?!

Ölmək də var, ölmək də.

Səndən sonra bu dünyaya oyanmaq var,

içimdəki qaranlıqdan...

Bu ömürün saatını

gecəsinə gündüzünə

bölmək də var, bölmək də.

Səndən sonra toparlanıb durmaq da var,

ağrıların qabağında

suallara cavab tapmaq...

Dəli kimi, acı-acı

gülmək də var, gülmək də...

Səndən sonra yaşamağı öyrənmək var,

bu ömürün sükanını ələ alıb

işıqforsuz, əyləcsiz də

çıxıb getmək, qəzalara

sürmək də var, sürmək də.

Səndən sonra misralarla danışmaq var,

sözlər yatmır şeirlərə...

Səndən sonra səni dostum,

nə zülümlə ürəyimdən

silmək də var, silmək də...