vv

İSTƏK -  Sevinc Qərib

Ədəbiyyat 15:30 / 08.06.2025 Baxış sayı: 1110

 

Alasan əlinə mürəkkəbini,

düşəsən yolların ağ izlərinə.

Çəkəsən sınağa şair təbini,

sərəsən ruhunu kəhrizlərinə.

 

Təşnə dodaqların yanğısı sönə,

soyuya ürəyin bulaq suyu tək.

Susmuş bülbüllərin nəğməsi dinə,

Torunda dincələ, yata hörümçək.

 

Çevirib yönünü gedəsən uzaq,

düşüb izlərinə gələ sərin meh.

Çiçək qucaqlaya səni bir qucaq,

gizlənə ovcunda bircə damcı şeh.

 

Atasan özünü dəlisov çaya,

çəkə ürəyindən çıxara səni.

Elə rast gətirə bir özgə taya,

özün tapmayasan özündə səni.