Sevil Azadqızı - SƏNİ NECƏ UNUDUM, RUHUM ?
Zamanın qırılmış dişləri arasında qalan bir sükutdur adın,
Nə ata bilirəm, nə də uda...
Hər küncdə bir kölgən var,
Hər aynada mənə baxan bir "Sən" kədəri.
Səni necə unudum, Ruhum?
Mən ki, səni xatirələrin məzar yeri deyil,
Nəfəsimin ən dar künclərinə sıxmışam.
Unutmaq — özündən imtina etməkdirsə əgər,
Mən hələ də səninlə doluyam,
Hələ də "biz" deyə qanayan könül yaram var.
Fəlsəfəsi yoxdur bu ağrının,
Nə "zaman hər şeyin dərmanıdır" yalanı,
Nə də "həyat davam edir" boşluğu...
Həyat dayanıb o son baxışında,
Saatlar o son "ƏLVİDA"da ilişib qalıb.
Səni unutmaq üçün
Öncə dünyanı yaddaşımdan silməliyəm.
Dənizlərin mavisini,
Payızın rəngini,
Və ən əsası... ÖZÜMÜ unutmalıyam.
Çünki mən dediyim hər şeyin içində —
Bir parça Sən varsan.
İndi de mənə,
Ruhuna bu qədər toxunmuş birini,
Barmaq uclarından ürəyinə qədər köç etmiş birini,
Bir "heç kim" kimi necə xatırlayım?
Səni necə unudum, Ruhum?..
20.04.2026