Əşrəf Veysəlli - NƏVƏLƏR

Ədəbiyyat 10:04 / 20.04.2026 Baxış sayı: 254

 

Dözəsən hər cürə kələklərinə,

Heç vaxt bezdirməyə nəvələr səni.

Elə girəsən ki, ürəklərinə,

Təzə oyuncaqtək sevələr səni.

 

Həlim bir istilik keçə canına,

Qolunu qaldırıb uça yanına.

Oxşada nağıllar qəhrəmanına,

Gah cırtdan, gah da ki div edə səni.

 

Hər kəsin özünün oyuncaqları,

Öz boyunbağısı, öz muncuqları.

Gülüb göz qaytara göz muncuqları,

Çəkə diqqətini şəvələr sənin.

 

Coşalar, çaşalar, “ qatıqlayalar”,

Evin sirlərini açıqlayalar.

Yuxuya gedəsən, qıdıqlayalar,

Əzib, tapdalayıb , ovalar səni.

 

Qaçıb gizlənələr, sən axtarasan,

Bir səmt axtarasan, yön axtarasan.

Qışın oğlan çağı dən axtarasan,

Cəlb edə meşədə yuvalar səni.

 

Bir az gec görəndə istilənəsən,

, Ayna gözlərində güzgülənəsən.

Gah burda yanasan, tüsyülənəsən,

Gah orda bezdirə havalar səni.

 

Düşəsən günlərin xoş vaxtlarına,

Nağıl tək girəsən boş vaxtlarına.

Baxmayıb yaşıyın qış vaxtlarına,

Qatıb qabağına, qovalar səni.

2015- ci il.