Əlizadə NURİDƏN İKİ ŞEİR

Ədəbiyyat 08:31 / 06.11.2024 Baxış sayı: 1377

İlahi, sənin də sirrini açdım...

Ömür yarımçıqmış-doya bilmədim,

Atdım son ümidi suya, bilmədim.

Məni yağışlar da yuya bilmədi-

Məndə əzablardı, məndə kir deyil.

 

O yorğun arzular yoxuşlardadı...

Göyün ağrıları o quşlardadı.

Bəlkə günah elə baxışlardadı-

Bəlkə də bu dünya heç kifir deyil?

 

Qorxur kölgəsindən- bu, nə ağacdı?

Dərd var ki, dərd özü elə əlacdı.

İlahi, sənin də sirrini açdım-

Daha mənim üçün heç nə sirr deyil...

 

Quru budaqlarda gülümsəyər nar...

 

Elə bil dağ boyda kiçilirəm mən,

Dağların qoynundan bir dağ düşəndə.

Ana sevgisinə bürünür uşaq

Ananın canından çılpaq düşəndə.

 

Bu sünbül sevgimiz indi dən tutur...

Səni hər gözələ necə tən tutum?

Sənin ayrılığın əlimdən tutur-

Haçan ki könlümə yanmaq düşəndə...

 

Quru budaqlarda gülümsəyər nar,

Payız yağış dolu boxçanı açar...

Qorxar, qorxusundan yuxusu qaçar-

Ağaclar diksinər yarpaq düşəndə...