Könül Nuriyeva : - RAFİQ TAĞI
RAFİQ TAĞI ( doğum gününüz mübarək, düşüncələrimizdə Nobelə layiq gördüyümüz YAZIÇIMIZ)
Rafiq Tağının- çox sevirəm nitqini, səsini, hələ dadından doymadığım hekayələrini. Görürsünüz, keçmiş zamanda danışmıram, " dı" şəkilçisi utanır yazıya gəlməyə...
Dalğa idi, hərəkat idi Rafiq. Bilənlər sağlığında da tanıdılar onu, dünyanı tərkindən sonra da.
Artıq çoxdan başa düşmüşəm adamın düşüncəsinə, ürəyinə yaxın olanlarla həmişəlik bir yerdə olduğunu. Sən addımlarsan bu şəhərin küçələrində, üzü dənizə, üzü fəxri xiyabanlara, üzü rayonlara tərəf. Amma, nə işdir ki, eynəkli gözlərdən boylanan ziyanın yaxınlığında taparsan özünü- deməli, məntiqi sonluq səni, üzü NURA- RAFİQƏ doğru aparır, deməli...
Məhz bununçün yazmaq adlı munis, Rafiqi o gündən bu günə bizə gah hekayə, gah səhər günəşi, gah da tutqun günlərimizə hədiyyə edir. Təəccübdən ölür də adam- ay balam hər gün hədiyyə olar?! Və daha cazibəlisi- bu möhtəşəmlikdə hədiyyə olar?!
Fərqanə Qozbelə fikir vermirdi, paxıllığı dəniz udar, düşünürdü. Rafiqin nəzərində Qozbel də şirin ləhcəsi ilə fərqli idi. Hər halda " Sərili paltarlar"dakı oğlan kimi xəyalpərəstliyin xəstəlik vəziyyətinə keçməmişdi. " Qonaqlar" kimi mənfəətli yanaşmadan uzaq idi Qozbel. Rafiqin mənfilərlə arası yoxdu. Onun hekayəsində də, həyatında da bir işi var- ədaləti həqiqətlə bəzəmək. Rafiq görə bilrdi, görmək arzusunda olanlara "baxın" deyirdi.
Tirrənən sözünü uşaqlığımda atamdan eşitmişdim.. Böyüdüm, Rafiqin hekayəsində oxudum o sözü. İçimə böyüdüyüm mühitin istiliyi qonaq gəldi yenidən. Rafiq gətirmişdi onu hekayələrindəki təbiiliyi ilə.
Aid olmamağı da həmişə sevmişəm. Ataya, sevgiliyə, dövrana, dosta aid olmamaq. Rafiq yalnız öz düşüncəsinə aid idi. Hamının yanında olan, heç kimlə olmayan adam idi.
Bəzi insanlar var dalğa ola bilərdilər, buna potensialları var. Məsələn , həmişə düşünmüşəm ki, "Host" böyük, güclü və bizi dünyaya tanıdacaq qrup ola bilərdi. Dağıtdılar ya dağıldı .. Niyə ?
Rafiq deyirdi ki, hekayə yazmaq içimə dolur və yazıram. Günlərlə vaxt sərf etmirəm buna. İnsan ətrafını hekayə görürdü. Həyat onun üçün hekayələşmişdi. Özü belə etmişdi. Bu dünyaya gülümsəyirdi, bilirdi .. O təkəbbürdən uzaq xasiyyəti ilə bilirdi ki, biz- yəni onu sevənlər, başqa dünyada bir olacağıq.
Əslində o dünyanı Rafiq burada qurdu. Məsələn , mən özümü o dünyada hiss edirəm.
Nə gözəldir sizdən yazmaq , Rafiq bəy!
Elə gözəldir ki, düşüncə, intellekt kənarda qalır, istər- istəməz. Elə hey əzizləmək, xoş sözlər demək istəyirəm. Bilirsiz niyə?
Çox sevdiklərimizi ürəyimizin səsinin hökmüylə nazlayırıq. Onda oxuduğumuz ideya, fikir yada düşmür.
Həyatın, dünyanın, qəlblərin ən dərindən gələn nazlı, əziz sözləri sizin olsun Rafiq Tağı. NƏ YAXŞI Kİ, bizim SİZİN KİMİ SEVİMLİ YAZIÇIMIZ VAR...Təkcə yazıçımı?!