Ayaz Arabaçı : - Gözləyəcəyəm.
Tələsmə gələndə ağır-ağır gəl,
Nalədə, fəryadda gözləyəcəyəm.
Bu eşqi hələ ki, cəbrə çevirib,
Qalmısan "bir yadda",
gözləyəcəyəm.
Sözləri muncuqtək ipə-sapa düz,
Bu uzun həsrətin ürəyini üz,
Çox şirin olmuşdu ilk görüşümüz,
O tamda, o dadda gözləyəcəyəm.
Gözümdə sayrışan qövsi-qüzeh gəl,
Qızılgül üstündə bir ovuc şeh gəl,
Günəş gəl, yağış gəl, duman gəl,meh gəl,
Mən səni hər adda gözləyəcəyəm.
İstidi, düş bir az sərinə nədi,
Getmə o qədər də dərinə, nədi,
Ay nədi, il nədi, qərinə nədi,
Səni hər saatda gözləyəcəyəm.
Şəklini taparsan könlümü yarsan,
Yaxşı ki, bu qədər naləmə karsan..
Öləndə tapacam o dünya varsa,
Sağ ikən,
həyatda gözləyəcəyəm.