Lilpar  Cəmşidqızı : - QƏZƏL

Ədəbiyyat 11:00 / 05.08.2025 Baxış sayı: 2145

 

Xudaya səhvim olsa gər, mələklərin yazar günah,

Cahanda nəfsə baş əyən, dikəlməmiş yıxıb tamah.

 

Yaratdığın yerin, göyün günahla doldu, gəl yetiş,

İbadətim azalmamış gəl arxa dur, gətir rifah.

 

Çətin günümdə hər zaman mənim yanımda durmusan,

Sevimli bəndənəm, Xuda, bu qəmli qəlbə ol pənah.

 

Bəyaz günümlə birgə hey toran gətirdi qismətim,

Telimdə qar çiçəkləyib, içində yoxdu bir siyah.

 

Çiyinlərimdə qoyduğun mələklərin yazır, pozur,

Savabı yazdı sağ cinah, günahı yazdı sol cinah.

 

Bədənlə ruhu vermisən, idarə eyləyir başım,

Xudaya, gözlərim görür, keçir zaman, gəlir sabah.

 

Sazaqda, qarda gözləyən, itaət eyləyən qulam,

İsinsə könlü Lilparın, demək ki, var yanında Şah.