Adilə Nəzər : - Gündüzlər üzümə gülüş qondurub...

Ədəbiyyat 11:31 / 05.08.2025 Baxış sayı: 2235

***

Gündüzlər üzümə gülüş qondurub,

Gecələr ağladım, dan bilmədi ki.

Ömrüm eşq odunda kül oldu getdi,

Odu bəxş eyləyən xan bilmədi ki.

 

Ümidin ətəyin tutdum, oturdum,

Gözlərim yol çəkdi, vaxtı ötürdüm,

Cismimi birtəhər yola gətirdim,

Yoluna sərgərdan can bilmədi ki.

 

Mən düşdüm dünyanın tufan, yelinə,

Sözlərim ah oldu sazın telinə,

Vəfalı tikandır arı - gülünə,

Gəzdi pətək-pətək, şan bilmədi ki.

 

Adilə, demə ki, gedirəm, gələm,

Əlimdə küskündən küskündür qələm,

Əzəldən qanıma işləyib ələm,

Damarım heç təzə qan bilmədi ki.

05.08.2025