Saqif Qaratorpaq : - Bircə dəfə gəlir xoşbəxtlik...
Bircə dəfə gəlir xoşbəxtlik,
xəbərin ola,ya olmaya.
Bircə dəfə düşür qismətə görüşmək,
cənnət quşutək
bir ömürdə.
Baxt qızıl balıqdı,
bircə dəfə düşür tora,
Onda da
ya yarıyuxulu olursan,
ya da yarısərxoş.
Səndən keçmir xoşbəxt küçələr,
kimsə səhv salmır ünvanı,
Səadət döymür qapını
sevdiyin,ya da sevəcəyin
adamın əliylə.
Qəfil səsə qaçırsan,
sevincək,
qaranəfəs...
Ya işıqçıdı,
ya da borc aldığın adam.