Arzu Əsəd : - Şair və yazıçı kasıb və ya varlı olmalıdır
Məsələni bu qədər bəsitləşdirmək olmaz ki, şair və yazıçı kasıb və ya varlı olmalıdır, o, vəzifədə işləməlidir ya da bomj olmalıdır.
Şair və ya yazıçının özünün də istəmədiyi halda həyatın keşməkeşlərinə düşüb dəyişən taleyi olmalıdır. Var-dövlət, vəzifə komfort, rahatlıq yaradır. Komfort, rahatlıq isə ruhu korşaldır. Əgər adi adamlar üçün vəzifədə işləmək, pul, sərvət qazanmaq imkanı bəxti gətirmək deməkdirsə, şair və yazıçı üçün vəzifədən çıxarılmaq, müflis olmaq bəxti gətirmək deməkdir.
Şair və yazıçının on illərlə vəzifədə çalışması, cəmiyyətin elitasından sayılması, məqam və sərvət sahibi olması, uşaqlarına, nəvələrinə, hətta bir çox ədəbiyyat adamına belə gün ağlaması onu insanların nəzərində, əlbəttə, hörmətli adam edəcək, amma o bir sənətkar olaraq öz missiyasından itirəcək. Onun bir yaradıcı adam kimi bəxti o vaxt gətirərdi ki, onu heç özü də istəmədən vəzifədən uzaqlaşdırardılar, başı daşdan-daşa dəyə, həyatın hər üzünü görə, dağın başında da havalana, dərənin dibinə də düşüb cabalaya.
Yaşadığı cəmiyyətin üzvlərinin düçar olduğu bütün həyat situasiyalarına düşə, onları öz canında, dərisində, qəlbinin bütün dərinliyində, ağrılarında yaşayıb hiss edə. Ürək infakt , can xərçəng, baş insult olmamışdan əvvəl cəmiyyətin bütün ictimai, fərdin bütün metafizik ağrı və acılarını özündə yaşaya ki, bu cəmiyyəti bütun psixoloji dərinliyi ilə xarakterizə edə bilən obrazları yarada bilə. Onun yazdığı dekorasiya olmaya, yalnız mütaliədən doğan məharətli mənimsəmələr, bəhrələnmələr olmaya, fərdin və cəmiyyətin ruhunun dərinliklərindəki həqiqi ziddiyyətləri, ağrı və acıları özündə yaşadan obrazlar silsiləsini əks etdirən həqiqi ədəbiyyat ola.
Bu isə yalnız ağrıdan, iztirabdan, fərdin, cəmiyyətin yaşadığı və yaşaya biləcəyi ən dərin acıları özündə daşıyan sadomazoxist xarakterdən doğulur. Bu bir seçimdir. Və nə yazıq ki, təkcə fərdin öz seçimi deyil, taleyin seçimidir.