Əlizadə Nuri : - Ölüb bu dünyadan qisas alasan...

Ədəbiyyat 13:19 / 12.02.2025 Baxış sayı: 937

 

Atəş içindəsə, nə var yanmağa?

Daha ümid də yox daldalanmağa...

Bir hava çalasan havalanmağa-

Gedib son puluna bir saz alasan.

 

Demərəm cəzanı bir gün az eylə,

Sevmək günahdısa, sürgün az eylər...

O qıza verməyə bir gül az eylər-

O qıza verməyə bir yaz alasan.

 

Hesab bilməyənlər hesab verəndi,

Bu kimin başıdı- "qəssab" verəndi?

...Dünya ki bu qədər əzab verəndi-

Ölüb bu dünyadan qisas alasan...