Ayaz  Arabaçı : - Gedib...

Gündəm 13:34 / 07.06.2023 Baxış sayı: 2252

O getdiyin yollar ki, var, dalınca,

Tək göz yox ki, üstündə də qaş gedib.

Yas yerimin toy qazanı açılıb,

Evinizə sini-sini aş gedib..

 

Bir ilahi sirdən oldu, bilmədim,

Dimdiyimdə bir dən oldu, bilmədim,

Nə oldusa birdən oldu, bilmədim,

Bir də baxdım ağıl gedib, baş gedib..

 

Çox çalışdım sınıq könlüm saz qala,

Nəfəsimdə bir udumluq yaz qala..

İnanmazsan, səndən sonra, az qala,

Gözlərimdən Xəzər boyda yaş gedib..

 

Bir iz qaldı, boz üfüqdə silinməz,

Adın heç cür dodağımda ilinməz..

Soraqlasam hardalığın bilinməz,

Elə bil ki, bir quyuya daş gedib..

 

Bir dağ var ki, abır keçməz, ar aşmaz,

Aşsa belə daha mənə yaraşmaz,

Kaş deyibən dad döyməknən kar aşmaz,

Ömrümüzdən gör nə qədər "kaş" gedib..

 

Nə taxtım bir Süleymanın taxtıdır,

Nə baxtım bir şah Abbasın baxtıdır,

Bu mövzunu bağlamağın vaxtıdır,

Saç ağarıb, ömür gedib, yaş gedib..