YAYLAQDA PAYIZ ETÜDLƏRİ - Əşrəf Veysəlli
Yer göyün, göy yerin əlindən tutar,
Bu yer buxarlanar, göy buxarlanar.
Tez - tez göz yaşları tökər buludlar,
Yağışlar hey yağar, hey buxarlanar.
Özünə gələmməz hələ də çoban,
Talada sürülər, bərəgə çoban.
Bir” qoyun havası “mələdər çoban,
Həzin nəğmələrdə ney buxarlanar.
Orda, alaçıqda bir qız ağlayar,
Kimsəsiz ağlayar, yalqız ağlayar….
Nəmli gözlərində payız ağlayar,
Payızın gözündə yay buxarlanar.
Göydən nur ələnər,- ota zər düşər,
Yerin qismətidir göydən hər düşən.
Yenə aylar ötər,..- istilər düşər,
Ayna bulaqlarda ay buxarlanar.
2021- ci il.