Vasif Süleyman - NƏ İSƏ...

Ədəbiyyat 09:27 / 27.04.2026 Baxış sayı: 400

 

Dilimin ucunda göynəyən sözü,

Sənə deyəcəkdim, keçdi, nə isə…

Ünvana yetmədi, ada çatmadı,

Başqa birisinə heçdi, nə isə…

 

Budaq hər fəsildə bir yarpaq geyir,

Nə qədər şər dedim, gəlmədi xeyir.

Adına yazdığım bir yarpaq şeir,

Ömrümü-günümü içdi, nə isə…

 

Bir yalan “həqiqət” öldü gözümdə,

Bilirsən, canı var adi sözün də.

Sənə deyəcəyim qaldı özümdə,

Sənə deyəcəkdim…Gecdi…Nə isə…