ÜFÜQ  - Ələddin Əzimli

Ədəbiyyat 15:52 / 08.06.2026 Baxış sayı: 335

 

Bu gəmi bata bilər

Dərdin, qəmin selində.

Tanrım, məni qorumaq

Nə çətindir əlində?

Soruşana deyin ki,

Odur gəmisi batan.

Kimsəsiz bir otaqda

Qəmdən, kədərdən yatan.

Hara gedir by yollar,

Axırı, sonu varmı?

Görən, batan gəmilər

Bir daha qayıdarmı?

Adam var neçə-neçə

Yüklü gəmisi batıb.

Məhv olub Dononması,

Bütün hamısı batıb.

Adam var öz işində,

Kefində, damağında.

Bir qayığı batan var,

Bax, zəncir ayağında.

Səhərin küləkləri

Əsər, geriyə dönməz.

Dərd var dünyadan böyük,

Ha bax, gözlə görünməz.

Artıq səhərdir, durun,

Ağrılardan oyanın.

O, gəmidir, deyəsən,

Üfüqündə xəyalın