Coşqun XƏLİLOĞLU - DEMƏ

Ədəbiyyat 14:19 / 08.06.2026 Baxış sayı: 1122

 

Yerini tanı bala,

Hər məclisdə söz demə.

Ağlına gələn fikri

Düşünməmiş, tez demə.

 

Düz – düzdü, oğru – oğru,

Düşün doğru, din doğru.

Olanda sual-sorğu

Qaraya “bəyaz” demə.

 

Göl olar dama-dama,

Gəl baş qoşma nadana.

Şükür et Yaradana,

Çoxa “çox” de, “az” demə.

Həqiqətdən ver soraq,

Ayıq ol, əsgər sayaq,

Sınaqdan çıx üzüağ,

Qorxub külə, “köz” demə.

10.03.2026