Öz-özünə alışan dərd - Rəfail Tağızadə
Öz-özünə alışan dərd
Dəyirmanda dən üyüdən,
dərdimi üyüdərsənmi?
Qalmışam mən qəm əlində,
qəmimi kürüyərsənmi?
Yollar azıb xəzəl altda,
bilmirəm yolum haraya,
əlac qalıb xəyallara
gəlib saçımı daraya.
Öz-özünə alışan dərd
içimdə təndir qalayır,
yeyir məni için-için
sıxıb bağrımı talayır.
Əllərimə əl uzadan,
əlimdən barmaq tökülür,
sinəni sinəmə sıx,
kükrəyən köksüm sökülür.
Dəyirmanda dən üyüdən,
dərdimi üyüdərsənmi?
Qalmışam mən qəm əlində
qəmimi kürüyərsənmi?