Ayaz Arabaçı - Mən sussam da taleyimin hökmünə,

 

Ədəbiyyat 21:07 / 08.06.2026 Baxış sayı: 209

Mən sussam da taleyimin hökmünə,

Susmaq bilməz içimdəki narazım.

Bəndə kimdi dərd eləyim özümə,

İlahidən pozulmasın tarazım..

 

Ürəyimin iliyini vurmuşam,

Bir balaca quş yuvası qurmuşam,

Kollu-koslu bir bərədə durmuşam,

Öz tüfəngim, öz ceyranım, öz tazım.

 

Gəmim qalmaz hələm-hələm tufanda,

Ruhum sənin, yuxum sənin butanda..

Bir tutmam var, istəyirəm tutanda,

Gəlim sənin ürəyinə yol azım..

 

Dərd odu ki, xeyir susa, şər dinə..

Bəs deyilmi qulluq etdik hər dinə,

Gah Şimalın, gah Cənubun dərdinə,

Kitab-kitab qan ağlayır Arazım.

 

Görsəm məni yaş götürüb, gedərəm..

Bir əl boyda daş götürüb gedərəm,

Günü bu gün baş götürüb gedərəm,

Sənsiz mənim nə baharım,nə yazım..

 

Qorxu kəsir nəfəsimi peş-peşə,

Belə getsə gətirəcəm haqqa şəkk,

Hardasınız, gəlin bir az dərdləşək..

Hardasınız, kimə çatır avazım..

 

Hardan baxdım yolun üzü qəmədi,

Hansı dərdlər ürəyimi yemədi..

Ölkəm baxıb bircə dəfə demədi,

Axı, niyə bu gündəsən Ayazım...

 

Heç olmasa silkələnin, oyanın,

Bir İlahi söz nuruna boyanın,

Mən də gəldim, kitabına dünyanın,

İki dənə ləyaqətli "A" yazım.