Ayaz  Arabaçı -  Gəl hərdənbir biz tərəfə

Ədəbiyyat 09:12 / 08.06.2026 Baxış sayı: 291

Gəl hərdənbir biz tərəfə,

Küçələrin yadına düş.

Siqaretə başlamışam,

Mən çəkim, sən oduna düş..

 

Qatarların fit səsitək,

Uzaqlardan ötüb keçmə.

Gəlsən, bir də bu sevginin,

Gözlərindən öpüb keçmə.

 

Yasəmənim çiçəkləyib,

Çox sevdiyin ətrinə gəl.

Məhlədəki ağ pişiyin,

Balasının xətrinə gəl.

 

Sən nə idin mənim üçün,

Bəlkə günəş, bəlkə nağıl.

Məndə ürək çatışmırdı,

Sevmək üçün?

yoxsa ağıl.

 

Ağlın nə der, yandırımmı-

Əlim altda Simurq tükü.

Sənə özəl hədiyyəm var,

Bir payızlıq kədər yükü

.

Hələ nazın durur məndə,

Hələ ədan qalır məndə.

Bir xaraba məbəd kimi,

Əks-sədan qalır məndə.

 

Bizdə heç nə dəyişməyib,

Yenə həmin küçələrdi.

Yenə həmin tənhalıqlar,

Yenə həmin gecələrdi.

 

Çəkim atım, şəklinə bax,

Dərdin mənnən qol-boyundu.

Çox sonralar dərk etdim ki,

Eşq ən çətin, sərt oyundu.

 

Sənlə keçdi ömür tamam,

Çoxu oddək, azı sutək.

Qalmışammı xatirində,

Köhnə divar yazısıtək.

 

Bilirsənmi ayrılıqlar,

Niyə belə dərin olur.

Bir başqası sənin özün,

Başqa biri ərin olur..