Könül Nuriyeva- Yersiz külək şəhərin saçlarını qarışdırıranda,
Yersiz külək şəhərin saçlarını qarışdırıranda,
küçə fənərləri səninlə məni barışdıranda,
sənli yuxular məni danışdıranda,
iş-güc məni sənsizliyə alışdıranda
yenə yadıma düşürsən, yenidən sevirəm səni…
Deyirlər ki, tarix tez unudur sevməyənləri.
Həmişə gecələr
qorxulu olur xatirəli gölgələr
Gör yadıma düşərmi, özgələr?
Yenə səni xatırlayıram,
özüm də yorulmuşam,
Görəsən, sənin nəyinə vurulmuşam?
Gör, necənçi dəfə sevirəm səni.
Eşitmişəm ki, mələklər qorumur gəlməyənləri…
Sənin indi nə etdiyini niyə soruşum ki,
bilirəm də…
Külək kədərimlə gizlənpaç oynamasa
çəkə bilmərəm sənsizliyi
ölürəm də…
Bəlkə yüzüncü dəfə, bu adamı sevirəm də…
Fırlanıb, fırlanıb eyni nöqtəyə gəlirəm də.
Gizlətmirəm ki, sevdiyimi
sənə yox, özümə açıq deyirəm də.
Bir kişini yüz dəfə sevmək
hər qadının işi deyil ki!..
O mənim özümdür, biri deyil ki!..
Küləkli gecələrdə zərif meh kimi
yağışlı gündüzlərdə torpaq iyi kimi
fəsillər dəyişdəndə alça çiçəyi kimi
sevmək…
Taleyin ironiyasına təkbaşına gülmək
Ölənə qədər onu sevəcəyini bilmək…
Bu fikirlər adamı yeyib-bitirir
onu külək yox,
deyəsən kağız gəmilər gətirir.
Bəzən adını unuduram
bəzən bütün söylədiklərini
bir qurtum su kimi uduram
Görəsən, səni sevməklə səni yoruram?
Hər dəfə dağıtdığımı yenidən qururam!
Sən qapını döyəsən deyə,
eləcə qapı dalında dururam.
Kimsə səndən xəbər gətirsə
sual vermirəm, susuram.
Bekarçılıqdan sənin riyaziyyatını
özümün ədəbiyyat sevdama vururam.
Xəstələnsəm, yadıma düşmürsən
Sən həmişə toplanırsan,
heç vaxt bölünmürsən
Niyə xəyallarımı tərk etmisən
daha görünmürsən?!
Səni dəfələrlə sevməyimlə öyünmürsən?
Dostların deyir çox ciddiləşibsən
mən gedəndən heç gülmürsən…
Necə olsa öləcəyəm deyə,
səni niyə sevim ki?
O qədər avam deyiləm daha
sənə niyə “sevirəm” deyim ki?
Ağıllı qadınamsa, niyə ayrıldığımız yerə gəlim ki?
Niyə səni orda pərişan görüm ki?
Bir az qocalmışam o vaxtdan bəri
Əllərimin qırışlarında gizlətmişəm səni
Sevməyin ölçüsü, sayı olmur, yəni
Deyirlər ki, fələk də döndərəmməz dönməyəni!
Belə getsə külək aparacaq gözləyəni…
Bəs sən necənci dəfə sevirsən məni?.